Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbəri Vüsal Qasımlı deyib.

O bildirib ki, iqtisadi geriləmənin dörd faizdən artıq olduğu halda qeyri-neft-qaz sənayesinin modern texnologiyaları tətbiq etməklə 11 faizdən artıq yüksəlməsi, bu sektorun iqtisadiyyatda xüsusi çəkisini 16 faizdən çox edib:

“Daha çox yeni dəyər yaradan sənayeləşmə isə iqtisadiyyatın rəqabət qabiliyyətini artırır, Harvard Universitetinin hesabladığı “iqtisadi mürəkkəblik indeksi”ni yüksəldir. Emal sənayesində kimya, əczaçılıq, metallurgiya, elektron, optik, rezin, plastik kütlə məhsullarının istehsalının əhəmiyyətli artması idxalın əvəzlənməsi, ixracyönümlülük və dəyər zəncirlərinə qoşulmaq baxımından vacibdir. Neft hasilatının azalması fonunda TAP-ın istifadəyə verilməsilə Azərbaycanda qaz hasilatının ilbəil yüksəlməsi və iqtisadi artımı dəstəkləməsi proqnozlaşdırılır”.

V.Qasımlının sözlərinə görə, 2020-ci ildə iqtisadi artımın keyfiyyət dəyişikliyi ilə yanaşı dövlət idarəçiliyinin səmərəliliyinin artırılması və struktur islahatları baxımından addımlar atıldı:

“2020-ci ildə siyasi dialoqun dərinləşməsi, kadr islahatlarının aparılması, korrupsiya ilə mübarizə, yeni parlamentin formalaşdırılması, Nazirlər Kabinetinin işinin təkmilləşdirilməsi, yeni iqtisadi siyasət çərçivəsi – İqtisadi Şuranın və işğaldan azad edilən ərazilər üzrə Əlaqələndirmə Qərargahının yaradılması, su resurslarının idarə edilməsinin təkmilləşdirilməsi, Dövlət İnvestisiya Holdinqinin və YAŞAT fondunun fəaliyyətə başlaması, dövlət idarəçiliyində səmərəliliyin, dövlət nəzarətinin təşkili və icra intizamına əməl olunması istiqamətində görülən işlər mühüm oldu”.

Mərkəzin rəhbəri qeyd edib ki, Azərbaycan 2020-ci ildə iqtisadi geriləmənin və sosial rifahın düşməsinin daha kəskin olmasının qarşısını almaq üçün yalnız öz resurslarına əsaslandı, manatın sabitliyini qorudu, inflyasiyanı aşağı həddə saxladı, dövlət borcunun artmasına və strateji valyuta ehtiyatlarının kəskin azalmasına imkan vermədi, cari əməliyyatlar hesabı aşağı neft qiymətlərinə baxmayaraq tarazlığını qorudu:

“Hətta maliyyə-bank sektorunda 2020-ci ilin ilk yarısında yaranan neqativ trendlər, ilin ikinci yarısında müsbətə doğru dəyişdi, böhran bu sektora “sıçraya” bilmədi. 2020-ci ildə “fiskal fəza”dan istifadə etməklə dövlət büdcəsində 2,3 milyard manatlıq maliyyə təminatının yaradılması və Mәrkәzi Bank tәrәfindәn ünvanlı likvidlik dәstәyinin göstәrilmәsi bütövlükdə pandemiya ilə mübarizədə öz sözünü dedi. 2019-cu ildə həyata keçirilən inqilabi sosial islahatların 2020-ci ildə üç milyard manatlıq maliyyə yükü ilə yanaşı, həm də 3,5 milyard manat civarında anti-pandemiya büdcəsi formalaşdırıldı. Beləliklə, iqtisadiyyatın daha az ziyan çəkməsi onun daha tez bərpası imkanını yaradır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may also like