“Bakı Metropoliteni”ndə müasir sistemlərin tətbiqi yeni xətlərin təməl layihəsində nəzərdə tutulub, mövcud xətlərdə isə mərhələli şəkildə həyata keçiriləcək.

Bu barədə “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətindən bildiriblər.

“Elmlər Akademiyası” stansiyasında yerləşən inzibati binada ən müasir şərait və idarəetmə funksiyalarını özündə cəm edən vahid dispetçer mərkəzinin qurulması davam etdirilir. Bu istiqamətdə layihələndirmə, inşaat işləri planlı surətdə davam etdirilməklə əsas mərhələsini geridə qoyub.

Qeyd olunub ki, 2019-cu ilin mart ayında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Fransaya rəsmi səfəri zamanı “Thales” şirkəti ilə ikitərəfli saziş imzalanıb. Yeri gəlmişkən, məhz həmin səfər çərçivəsində “Bənövşəyi” xəttin Xocəsən qəsəbəsində inşa olunan deposunda da müasir sistemlərin qurulması bu şirkətlə əməkdaşlıq şəraitində həyata keçiriləcək.

Bununla yanaşı “Xocəsən” deposunda işlər sürətlə davam etdirilməklə Bənövşəyi xəttin inşasına paralel və zərurətə uyğun olaraq 3 mərhələdə həyata keçirilir.

Hazırda üç stansiyanın tələbinə uyğun sahələrin inşası davam etdirilir.

Dəmir yoluna çıxış yolunun hazırlanması həlledici mərhələdədir. Qatarlara təmir-baxış sahəsinin qurulması istiqamətində aparılan işlər çərçivəsində bir baxış qanovu və rels yolu hazır vəziyyətə gətirilib, daha ikisində yolun üst quruluşu elementlərinin quraşdırılması tamamlanır.

Depo sahəsində blok-post binası, müvafiq kommunikasiya sistemləri, yükləmə-boşaltma məntəqəsi, yanğın təhlükəsizliyi və digər texniki xidmət sahələri ilə yanaşı, yeraltı keçid, həmçinin sərnişin platformasında işlər pandemiya tələbləri nəzərə alınmaqla planlaşdırılmış qaydada davam etdirilir.

Qeyd olunub ki, “Cəfər Cabbarlı” stansiya yolunda da yeniliklər olacaq. 2020-ci ildə irimiqyaslı təmir-bərpa və yenidənqurma işləri “Cəfər Cabbarlı” stansiyasının ikinci yolunda başa çatmaq üzrədir. Burada platforma və stansiya yolu tamamilə əsaslı şəkildə yenidən qurulmaqla xidmət imkanları, konstruksiya etibarlığı, habelə estetik görkəmi ilə də müasir dövrün tələbləri səviyyəsinə çatdırılıb. Bu stansiya ilə “Xətai” stansiyasını birləşdirən tunellərdə böyükhəcmli bərpa işləri aparılıb. Stansiyanın uzun illər istismar olunmayan birinci yolunda və ona bitişik tunel sahəsində aparılan sağlamlaşdırma işləri tuneli, demək olar ki, tam yararsız və qəza halına düşməkdən xilas edib.

Ümumiyyətlə, 2020-ci il metro tikintisi və stansiyaların əsaslı təmiri, yenidən qurulması, infrastruktur yeniləşməsi baxımından əhəmiyyətli kimi yadda qalacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may also like