“Polad Həşimovun şəhid olduğunu eşidəndə qardaşımla birlikdə hərbi komisarlığa gedərək könüllü olaraq müharibəyə getmək istədiyimizi bildirdik. Hər ikimiz döyüşə getdik”.

Bu sözləri Vətən müharibəsinin qəhrəmanları deyir. Bir evin iki oğlu. O qardaş ki, ataları hələ onlar uşaq ikən rəhmətə gedib. Analarının görən gözü, tutan əli olan qardaşlar – İsgəndərov Seyfəli Taleh oğlu və İskəndərov Həmid Taleh oğlu 44 günlük İkinci Qarabağ müharibəsində iştirak etmək üçün ön cəbhəyə yollanır. 

Əslən Sabirabad rayonu Qaraqaşlı kəndindən olan igidlər  sentyabrın 29-da onlara çağırış gəldiyini deyiblər.

S.İsgəndərov ona çağırış gəldiyi zaman Bakıda olduğunu deyir:

“Çağırış gəldiyini eşidəndə Bakıda idim. Tərəddüt etmədən hərbi komisarlığa getdim. Qardaşım Həmid də həmçinin. Hətta o, general-mayor Polad Həşimov şəhid olanda könüllü olaraq ordu sıralarına yazıldı. Mənə çağırış gəldiyini eşidən kimi Bakıdan birbaşa Sabirabad Rayon Hərbi Komisarlığına getdim. Qardaşım da komisarlığa döyüşə getmək istədiyini dedi. Amma komisarlıqdan razı olmadılar. Bizə bildirdilər ki, iki qardaşsınız, eyni anda hər ikinizi apara bilmərik”.

İgid qardaşların atası cavan yaşda rəhmətə gedib. Qəhrəmanımız deyir ki, buna baxmayaraq onlar hərbi komisarlıqda israrla müharibəyə getmək istədiklərini bildiriblər:

“Bəlkə də komisarlıqda əməkdaşlara yalvardıq ki bizi bir-birimizdən ayırmasınlar, ikimizi də aparsınlar. Güc-bəla ilə komisarı razı saldıq. Qardaşım evə gedib ailəsi, övladları ilə sağollaşa bilmədi. İkimizdə birlikdə vətənimizi qorumaq üçün döyüşə getdik”.

S.İsgəndərov deyir ki, qardaşı Cəbrayıl istiqamətində gedən döyüşlərdə yaralanıb:

“İkimiz də döyüşə bir yerdə getdik. Füzuli, Cəbrayıl, Qubadlı istiqmətində döyüşlərdə iştirak etdik. Qardaşım oktyabrın səkkizində Cəbrayılda gedən döyüşlərdə ağır yaralandı. Düşmənin atdığı minaatan mərmisi düz onun yanına düşüb. Qəlpələr kürəyinə dəyərək belini yaralayıb, ağciyərlərini ciddi zədələyib.

O yaralananda biz eyni istiqamətdə deyildik. Qardaşımın onurğa sütunu zədələndiyi üçün beldən aşağısını hiss etməyib. Elə bilib ki, bədəni ikiyə ayrıldı. Ciyəri zədələndiyi üçün ağzından qan gəlib. Deyir düşündüm ki, iki dəqiqəyə nəfəsim kəsilər, ölərəm. Amma şəhid olacağı üçün ürəkdən gülümsəyib. Bir neçə dəqiqə sonra ölmədiyini görəndə, sol əli ilə bədənini yoxlayıb, görüb ki, ikiyə bölünməyib. Ondan sonra özündə güc toplayıb ayağa qalxıb”.

“Yanında döyüş yoldaşının topuqdan aşağı ayağının olmadığını görüb”

S.İsgəndərov qardaşının həmin an güclə nəfəs aldığını, danışa bilmədiyini deyib:

“Bütün bunları mənə sonradan danışıb. Əsgər yoldaşının ayağını bağlamaq üçün rezin (jqut) götürmək istəyib. Amma sağ əlini tərpədə bilməyib. Yanındakı digər əsgərə birtəhər izah edib ki, yaralı əsgərin ayağını bağlasın. Əsgər qardaşımın danışa bilmədiyini, ağzından qan axtığını görüb. Soruşanda ki, sən də yaralısan, o başını yelləyərək təsdiq edib.

Həmin əsgər ayağından yaralanan əsgərin qanını dayandırmaq üçün yarasını rezinlə bağlayıb. Qardaşıma da deyib ki, bəs sənin belinin qanını necə dayandırım? Qardaşımda əli ilə məni boş ver deyib”.

“Sürünə-sürünə öz mövqeyimizə gəlib ki, ölsə də, düşmən əlinə keçməsin”

Qardaşım yaralı yoldaşlarının yanından sürünə-sürünə öz möqvelərimizə tərəf gəlib:

“Öləcəyini düşünüb və istəməyib ki, nəşi düşmən əlinə keçsin. Mənə danışır ki, o vəziyyətdə belə ağrıya dözüb, amma düşünüb ki, nəşini evə para-para aparsalar anamız dözə bilməz. Özünün sağ qalıb qalmayacağını bilməyib, şəhid olacağına sevindiyi qədər, anamın kədərdən ürəyi partlayar deyə də nigaran olub. Həmid o an şəhadət gətirib. İnanmırmış sağ qalsın. Biraz süründükdən sonra bizim zirehli maşın onu görüb və qardaşımı maşına götürüblər.

Şükür Allaha yarası ağır olsa da, sağ qaldı. Həmidin müalicəsi hələ də davam edir. Mən qardaşım üçün nigaran olsam da onun intiqamını almaq üçün sona qədər vuruşdum və xidmətimi davam etdirdim. Dekabırın 28-də Ali Baş Komandanımızın əmrinə əsasən evimə qayıtdım. Prezidentimizin sözünə qüvvət, Azərbaycan ordusu düşmənin başını dəmir yumruqla əzdi. Düşmənləri iti qovan kimi qovduq”.

Xatırladaq ki, Prezident İlham Əliyevin müvafiq əmrinə əsasən, Həmid İskəndərov  “Cəsur döyüşçü” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə, Seyfəli İsgəndərov isə “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunublar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may also like