Milli Paralimpiya Komitəsi ilə Şahdağ Turizm Mərkəzi rəhbərliyi arasında görüş

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiq etdiyi “Uşaqlara dair 2020–2030-cu illər üçün strategiyası”na uyğun olaraq Milli Paralimpiya Komitəsi ölkəmizdə Uşaq Paralimpiya hərəkatının inkişafına dair müxtəlif layihələrin keçirilməsini davam etdirir.

Bu gün Şahdağ Turizm Mərkəzində “Uşaq Paralimpiya hərəkatının inkişafı” layihəsi çərçivəsində Uşaq Paralimpiya hərəkatının gələcək idmançıları və onların valideynləri ilə görüş keçirilib. Görüş Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov, “Şahdağ Turizm Mərkəzi” QSC-nin sədri Roderiç Lefer və Qusar rayon İcra Hakimiyyətinin başçısının müavini Elman Mustafayevin iştirakı ilə baş tutub.

Görüş zamanı İ.Rəhimov qeyd edib ki, ölkəmizdə Uşaq Paralimpiya hərəkatının inkişafı Komitənin strateji istiqamətlərindən biridir: 

“Yarandığı gündən yüzlərlə fiziki məhdudiyyətli uşaqları ətrafımızda toplaya bilmişik və bu çox sevindirici haldır ki, övladlarını cəmiyyətdən gizlədən valideynlər bu gün artıq özləri bizə müraciət etməyə başlayıb. Hesab edirəm ki, bu, bizim ən böyük qələbəmizdir”.

Eyni zamanda İ.Rəhimov ölkəmizdə qış idman növlərinin inkişaf etdirilməsi ilə bağlı görülmüş işlərlə bağlı iştirakçılara məlumat verib və Şahdağ Turizm Mərkəzinin sədrinə yaradılmış şəraitə görə təşəkkürü bildirmişdir.

R.Lefer bildirib ki, bir il öncə Milli Paralimpiya Komitəsi ilə imzalanmış Anlaşma Memorandumuna əsasən işlər davam etdirilir. Mərkəz qış idman növünün Azərbaycanda inkişaf etdirilməsi və uşaqlar üçün lazım olan bütün şəraitin yaradılmasında daim dəstək göstərəcək.

Qusar Rayon İcra Hakimiyyətinin başçısının müavini Elman Mustafayev öz növbəsində rayonda belə mötəbər layihələrin baş tutmasının sevindirici hal olduğunu bildirib. E.Mustafayev İcra Hakimiyyətinin gələcəkdə də müxtəlif layihələrin keçirilməsində dəstək göstərəcəyini vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may also like