Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə salnaməsinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş, faciəli və eyni zamanda şərəfli tarixi günlərdən biri olan 20 Yanvar faciəsindən 31 il ötür.

1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna daxil olmuşdur.

Təcavüz nəticəsində ağır hərbi texnikadan və müxtəlif tipli iriçaplı silahlardan istifadə edilərək, müstəqil dövlət yaratmaq və öz suverenliyini əldə etmək üçün ayağa qalxan əliyalın, dinc əhaliyə qarşı misli görünməmiş qətliam törədilmiş, nəticədə yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış və itkin düşmüşdür.

Sovet rejiminin süqutu ərəfəsində törədilən bu cinayət xüsusi qəddarlıq və misli görünməmiş vəhşilikləri ilə seçilirdi.

Belə ki, rəsmi məlumatlara görə, Bakıya və digər yaşayış məntəqələrinə sovet ordusunun yeridilməsi nəticəsində 117 nəfəri azərbaycanlı, 6-sı rus, 3-ü yəhudi, 3-ü tatar olmaqla, ümumilikdə 131 nəfər vətəndaşımız vəhşicəsinə qətlə yetirilmiş, 744 nəfər yaralanmış, 841 nəfər həbs edilmiş və 4 nəfər isə itkin düşmüşdür. Həlak olanların arasında qadınlar, qocalar, uşaqlar, həmçinin öz xidməti vəzifələrini şərəflə yerinə yetirən təcili yardım və milis (polis) işçiləri olmuşdur.

Faciə nəticəsində insan hüquqlarına dair bir sıra beynəlxalq sənədlərin, o cümlədən Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin tələbləri kobudcasına pozulmuşdur.

Bu faciədə hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlaklar məhv edilmiş, şəhər təsərrüfatına və vətəndaşlara böyük maddi ziyan dəymişdir.

Qanlı Yanvar faciəsi ümumxalq hüzn günü olmaqla yanaşı, eyni zamanda xalqımızın öz suverenliyi, istiqlaliyyəti uğrunda apardığı haqlı mübarizənin şərəfli tarixi kimi milli birlik və vətənpərvərliyin simvolu olaraq da yaddaşlarda əbədi qalacaqdır.

Allah vətən uğrunda canından keçən bütün şəhidlərimizə rəhmət eləsin…

“ZCOMPANY MMC” olaraq 20 Yanvar faciəsinə hazırlanmış video çarxı sizə təqdim edirik:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may also like