Sədr: “Sahibkarlar və İqtisadiyyat Nazirliyi birgə təkliflərlə çıxış edəcək”

“Ötən dövr ərzində meyvə-tərəvəz ixracı ilə bağlı alternativ bazarların olmamasının çox böyük problemlərə gətirib çıxardığını gördük”.

Bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov 2020-ci ilin yekunlarına həsr olunmuş brifinqdə deyib:

“Meyvə-tərəvəz ixracında əsas bazarları qonşu dövlətlər təşkil edir. Lakin alternativ bazarlara çıxışla bağlı gələcəkdə problemlərin yaranmaması üzrə bir neçə ildir ki, müvafiq istiqamətdə işlər gedir. Həmçinin sahibkarlara bununla bağlı müəyyən təlimlər də təqdim edilir.

Eyni zamanda beynəlxalq miqyasda da müxtəlif sərgilərdə iştirak təşkil olunur. Bu yaxınlarda Dubayda “Gulfood” beynəlxalq qida sərgisində məhsullarımız nümayiş etdirilib. Həmçinin yaxın zamanlarda Baş nazir Əli Əsədovun Türkiyəyə səfəri baş tutdu, bu səfər çərçivəsində təşkil olunmuş biznes forumda da ixrac potensialımıza böyük diqqət yönəlmişdi.

Əgər məhsullarımızın xüsusilə Avropa bazarlarına çıxmağını nəzərdə tuturuqsa, bilməliyik ki, orada çox böyük rəqabət var. Sahibkarlar öz məhsullarını təqdim edərkən onların rəqabətə davamlı olmağına diqqət yetirməlidirlər”.

“Dövlət bu istiqamətdə kifayət qədər maliyyə dəstəyi göstərir. Bu sahədə problemlərin yaranmaması üçün növbəti aylarda həm sahibkarlar, həm də İqtisadiyyat Nazirliyi birgə təkliflərlə çıxış edəcək. Hesab edirəm ki, bu təklif xüsusilə alternativ bazarlara çıxışı asanlaşdıracaq”,-deyə sədir qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may also like