İsmayıllı Rayon Təhsil Şöbəsinin müdiri Rövşən Əliyev şəhid Fərid Əliyevin ev muzeyini ziyarət edib, onun təhsil aldığı Kürdmaşı kənd tam orta məktəbində olub.

Görüşdə ATHİ İsmayıllı komitəsinin sədri Hafiz Kərimov və RTŞ-nın məsləhətçisi Gülşən Mehdiyeva iştirak edib.

Qərinələr dəyişsə, əsrlər ötsə də bu amal, bu məram dəyişməz qalıb: lazım gələndə torpaq uğrunda, Vətən uğrunda mərd oğullar silaha sarılıb, şərəflə döyüşüb və son kəlmələri də bu olub: “Təki Vətən yaşasın!”

Böyük Qələbəmizi doğma Azərbaycanımızın şərəf tarixinə yazanlar arasında gənc Fəridin, nur üzlü şəhidimizin də öz imzası var.

Hamlet müəllim və Rəna müəllimin ailəsində dünyaya göz açan Fərid təhsilini doğulub boya-başa çatdığı Kürdmaşı kəndindəki məktəbdə alıb.

Bu gün səliqə-səhmanlı Kürdmaşı kənd tam orta məktəbində şəhidlərin əziz xatirəsinə ayrılmış gözəl guşə diqqəti çəkir. Bu məktəbin neçə-neçə yetirməsi Vətən uğrunda gedən döyüşlərdə şücaət göstərib, qazilik, şəhidlik zirvəsinə ucalıb.

Görüşdə Təhsil Şöbəsinin müdiri Rövşən Əliyev şəhidin ailəsinə, onun əziz xatirəsini əbədiləşdirmiş məktəb kollektivinə öz dərin təşəkkürünü bildirərək söyləyib: Vətənimiz Azərbaycanın Fərid kimi oğulları yetişdikcə, bu Vətən basılmaz bir qala kimi daim var olacaq!

Məktəblilərin şəhidlərin xatirəsinə həsr etdikləri kompozisiya görüş iştirakçıları tərəfindən rəğbətlə qarşılanıb. Təhsil Şöbəsinin rəhbəri bir neçə müəllimi gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsində göstərdikləri fədakarlığa görə fəxri fərmanla təltif edib. ATHİ-nın İsmayıllı komitəsinin sədri Hafiz Kərimov müəllimlərə hədiyyələr təqdim edib.

Sonda Rövşən müəllim şəhid Fərid Əliyevin ailəsinə bir daha təşəkkür edərək, gələcəkdə də şəhid ailələrinə dəstək olacaqlarını bildirib.

Şəhid Fərid Əliyevin valideynləri, məktəb kollektivi və kənd ağsaqqalları göstərilən diqqət və qayğıya görə dövlət başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Şəhidin ev muzeyində və təhsil aldığı Kürdmaşı kənd tam orta məktəbində xatirə şəkilləri çəkilib.

İsmayıllıTəhsilŞöbəsi #ŞəhidlərÖlməz #Vətənmüharibəsi #Qarabağ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may also like