MM-in Mədəniyyət komitəsinin sədri Q.Paşayeva şəhid Baş leytenant Famil Əhmədzadənin atası ilə görüşüb və “qəhrəman şəhidlərimizin qarşısında baş əyirik” deyib

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Silahlı Qüvvələrinin Vətən Müharibəsində şəhid olmuş Baş leytenantı Famil Əhmədzadənin atası Ağaəhməd Əsgər oğlu Əhmədovla görüşüb, ürək sözlərini bölüşüb:
“Əziz şəhid atası, işğalçı düşmən üzərində qələbə münasibəti ilə sevinci, qüruru və təbriki ən çox Siz şəhid valideynləri haqq edirsiz. Biz Sizə çox minnətdarıq! Şəhid oğlunuzun ruhu qarşısında dərin ehtiramla baş əyirik!
Tarix müəllimi olan oğlunuz məktəbdə, tədrisdə olduğu kimi cəbhədə, döyüşlərdə də öz şücaəti ilə seçilib.
Şəhid zabitimiz Azərbaycan Prezidentinin Sərəncamları ilə “Vətən uğrunda” və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunub.
Famil Əhmədzadə kimi zabitlərimizlə hər zaman qürur duyacağıq!
Ulu Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb, düşməndən ağır intiqam alınıb. Azərbaycanımızın tarixi zəfəri münasibəti ilə Sizi bir daha təbrik edir, vətəncanlı övlad böyütdüyünüz üçün Sizə öz dərin təşəkkürümüzü yetiririk”!
Qəhrəmanın atasına Komitə adından Təşəkkür məktubu, Qarabağ mövzusunda rəsm əsəri və xatirə hədiyyələri təqdim edilib.
Görüşdə Millət vəkili Məşhur Məmmədov, RHİM İB sədri Arzu Bağırova iştirak edib və öz ürək sözlərini bölüşüblər.
Qeyd edək ki Famil Əhmədzadə (23.09.1975, Xətai rayonu, Bakı – 14.10.2020, Talış, Tərtər) – Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan zabiti, tarix müəllimi idi. O, 1997-ci ildən etibarən məzunu olduğu İsmayıllı şəhər 3 saylı məktəb-liseyində müəllim kimi fəaliyyət göstərib. Həqiqi hərbi xidmətini 1999-2000-ci illərdə keçən Famil Əhmədzadə, hərbi xidmətdən qayıtdıqdan sonra yenidən həmin məktəbdə müəllimlik fəaliyyətini davam etdirib. Tarixçi kimi yetişdirdiyi yüzlərlə şagird yüksək bal toplayaraq ali məktəblərə daxil olub.
Famil Əhmədzadə 2020-ci ildə Vətən Müharibəsinin başlaması ilə könüllü olaraq ordu sıralarına yazılıb. Baş leytenant Əhmədzadə cəbhə yoldaşlarının döyüş ruhunu artıraraq onları qələbəyə səsləyib. O, Talış və Suqovuşan istiqamətindəki döyüşlərdə özünəməxsus cəsurluqla fərqlənib. Oktyabrın 13-dən 14-nə keçən gecəki döyüşlərdə qəhrəmancasına şəhid olub. Ruhu şad olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may also like