İsmayıllıda yeni Toz Boya zavodu istifadəyə verildi

İsmayıllı Rayon İcra Hakimiyyətinin rəhbərliyi İsmayıllı rayonunun Xanagah kəndində yeni fəaliyyətə başlayan Elektrostatik Toz Boya zavodunun açılışında iştirak edib.

Karantin qaydalarının tələblərinə uyğun olaraq keçirilən tədbirdə çıxış edən icra başçısı yüksək texnologiyaların tətbiqi əsasında idxalı əvəz edən və rəqabət qabiliyyətli sənaye məhsulları istehsal edəcək müəssisənin yaradılmasının sevindirici hal olduğunu qeyd edərək, bundan sonra da yeni inventarların cəlb edilməsinin işsizliyin aradan qaldırılmasında vacib məsələ olduğunu bildirmişdir. Sahibkarlığa dövlət dəstəyinin sistemli şəkildə həyata keçirilməsi bu sahədə mühüm nailiyyətlərin əldə edilməsinə şərait yaradır.

Müəssisənin nümayəndəsi Qədir Dəmrəl rayon rəhbərinə və tədbir iştirakçılarına məlumat verərək bildirib ki, Türkiyə və Çin avadanlıqlarından istifadə edərək tam gücü illik 700 ton olan müəssisə bütün növ metal materialların boyamasında istifadə edilən Elektrostatik Toz boyaları istehsal edəcək.

Bundan əlavə Q.Dəmrəl ilkin investisiya 500 min ABŞ dolları olan müəssisəyə növbəti illərdə iki milyon dollara qədər vəsait yatırımı edilməsinin nəzərdə tutulduğunu bildirmişdir.

Müəssisə qeyri neft sektorunun inkişaf etdirilməsi baxımından ölkə daxili tələbatı ödəməklə yanaşı məhsulunu “Made in Azerbaijan” brendi altında Qazaxıstan, Türkmənistan, Özbəkistan, Rusiya, Ukrayna, Gürcüstan və Ərəb ölkələrinə ixrac ediləcəyi planlaşdırılıb. “Nilla” adı ilə fəaliyyət göstərən zavod yeni iş yerlərinin açılması, əhalinin məşğulluğunun təmin edilməsi baxımından da xüsusi əhəmiyyətə malikdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may also like